Əsas məzmuna keç

Qoşma

Qızlar bulağından su içən gözəl

Zəlimxan Yaqub

1

Tanrı dərgahından gələn ruzu var, Gözünlə sığalla, əlinlə yu ver. Alışdı ciyərim, bir dolça su ver, Qızlar bulağından su içən gözəl.

Ay nuru, gün odu, qar işığısan, Hər kimə yar olsan, yar işığısan. Bal ilə qaymağın qarışığısan, Qızlar bulağından su içən gözəl.

Xına gecəsində qızarar əllər, Gözəllik vaxtında özünü ləllər, Sən içən bulağa qurban kəsəllər, Qızlar bulağında su içən gözəl.

Güllərin canından şirə çəkirsən, Göyü cazibənlə yerə çəkirsən, Məni eşq adlanan pirə çəkirsən, Qızlar bulağında su içən gözəl.

Ürəyim az qalır uçan quş olsun, Kim var ki, sevməkdən yorulmuş olsun? İç, içə bildikcə, sənə nuş olsun, Qızlar bulağında su içən gözəl.

2005, 22 iyul

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.