Qız, səni Allah qorusun
Söz də dəyər, göz də dəyər, Qız, səni Allah qorusun. Gec də dəyər, tez də dəyər, Qız, səni Allah qorusun.
Yanaqların zərisənmi, Şehisənmi, tərisənmi, Hurisənmi, pərisənmi, Qız, səni Allah qorusun.
Əyri yoldan, çaşqın izdən, Boz baxışdan, sürtük üzdən, Acı sözdən, yaman gözdən, Qız, səni Allah qorusun.
Yaraşığın işvəylə naz, Nəfsin bahar, nəfəsin yaz, Üzərliyin gücü çatmaz, Qız, səni Allah qorusun.
Sındırmasın dolu camı, Söndürməsin yanan şamı, Qəbul eyləsin duamı, Qız, səni Allah qorusun.
Baxışların nuru yanmaz, Odu sönər, qoru yanmaz, Bəndə səni qoruyammaz, Qız, səni Allah qorusun.
Damar döyür, qan nə çəkir, Qəlb alışır, can nə çəkir, Gör bir Zəlimxan nə çəkir, Qız, səni Allah qorusun.
2005, 15 mart Hacı Bəktaş dərgahında, Türkiyə