Əsas məzmuna keç

Qoşma

Qıymasın

Zəlimxan Yaqub

1

Sevgilim, seyr edək sevdiyin bağı, Nə kədər, nə həsrət bizə qıymasın. Hələ çox arzumuz gözümüzdədir, Həyat xoş arzulu gözə qıymasın.

Qaynar nəfəsinlə ömrü təzələ, Bağçamız dönməsin tezcə xəzələ. Payız da özünü saxlasın hələ, Çiçəyi saraldıb, düzə qıymasın.

Sevgidən kam alsın doyunca ürək, Biz də bu dünyada görək, götürək. Deyin, küyə düşüb əsməsin külək, Ocaq təzə yanır, közə qıymasın.

Qoy kökdən düşməsin bir qəlbin sazı, Hər il bu həvəslə çağıraq yazı. İllər əsirgəyib eşqi, avazı, Bu şirin söhbətə, sözə qıymasın.

1972

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.