Qışın günündə səhər başlayıb soyuq ruzgar
Qışın günündə səhər başlayıb soyuq ruzgar, Ağacların canına sanki qorxu, lərzə salar,
Demə ki, yer çəkib ağuşə şövqili günəşi, Demə, ağ örpəyini dağ başına sərmiş qar.
Biri səhər açılınca çəkib soyuq dərdi, Gündüz olunca tutub manqalın yanında qərar.
Yağış döyüb birinin başına bütün gecəni, Günəş tutan yerə sərmiş səhər-səhər dəstar.
Qış aylarında gözün çək səhər nəsimindən, Məhaldır yetirə xeyr bir kəsə əşrar.
Uzatma bəhmən ayında əlini arx suyuna Ki, onların birisi zəhrdir, biri şahmar.
Yağış havada soyuqdan elə düyümləndi Ki, oldu qətrələrin hər biri düri-şəhvar
Zəmana verdi riza dəf’ələrlə kim, şimşək Çaxıb buludları pambıq tək etsin atəşbar.
Bunun da olmadı bir faydası yəqin buluda, Soyuq qovurdu onu, nə’rə çəkdi, ağladı zar.
Məqam barədə çün Malik ilə Rizvanın Açıldı bəhsi, uzun çəkdi bir gecə göftar,
Sübut üçün hərə öz iddiasını dedilər, Birər dəlil ilə etsin kəmalını izhar.
Biri dəmət tutaraq gül gətirdi cənnətdən, Ikinci töhfə gətirdi soyuqda xəlqə şərar.
Hamı bu bəhsdə Malik tərəfdə durdu, dedi: Cəhənnəmin odu cənnət gülünü eylədi xar.
Soyuqda çöllülərin halı çox pərişandır Ki, qışda rahət olur çöllülərdən əhli-məzar.
Gəl indi od içinə qoy qədəm Xəlil kimi, Varınsa arzun əgər, od sənə ola gülzar.
Belə soyuqda oda sal nəzər Kəlim kimi, Gözün də ta ki, ola nura qərq arizi-yar.
Su hər tərəfdə donub, dağ kimi qalanmış buz, Günəş də sanki, fəzadə donub, aya oxşar.
Sular düyünlənib, üzdən günəş asıb pərdə, Dəniz dibində balıqlar bu həsrət ilə yanar.
Bu fəsldə itirib hər şey öz təbiətini, Çölün havası, suyu qıldı tişeyi-nəccar.
O qədr ki, su dayandı, o qədr od yandı, Soyutdu torpağı şaxta, havanı tutdu qubar.
Əlinə aldı hava ixtilaf qayçısını, Nə lütf paltarı qoydu fələkdə, nə pərgar.
Məzaci bir daha salsınlar e’tidalə deyə, Bahar fəslini dörd ünsür arzular, ağlar.
Soyuqda kimsə gedə bilməyir bağa seyrə, Məgər o dəmdə ki, güldən şərər çıxa, yana xar.
Qışın günündə xoşa məncə, halinə o kəsin Tuta səlamət evində fərağət ilə qərar.
Xəzanın əvvəl ayından girib evin içinə, Kənarə basmaz ayaq gəlməyincə fəsli-bahar.
Yanında dilbəri, cami, kitabı, bir də sazı, Bu dörd şeydən əlavə o, tərk edər nə ki var.
Gəhi kitab oxuya, gözlərinə nur gələ, Gəhi sevinc verə könlünə onun dildar.
Sazın nəvası edə hər dəqiqə keyfini saz, Başında qaldıra gəh badənin buxarı buxar.
Bu xəlvət evdə çəkib bağlaya qapı-bacanı, Necə ki, yar yumar gör, görəndə bir əğyar.
Zəmanənin ələmindən xilas ola, necə kim Fəsadi-şirkdən əhbabi-Heydəri-Kərrar.
O, dini-həqq səmasında mahi-tabandır, Imami-insü mələkdir, şəhi-səriri-vüqar.
Odur müdam edən dərk hər kəsin işini, Odur həmişə və hər yerdə vaqifül-əsrar.
Kim etsə dərk onu, bəhrə görər həyatından, Kim olsa tabe ona, arzu bağçası gül açar.
Onun önündə kəmər bağla, ol kəmərbəstə, Kəmər dedikdə tək oldur, qalanları zünnar,
Cəza günündə onun misli, bir nəfər yox idi, Nə feyzdə, nə hünərdə məhacirü ənsar,
O, Zülxümarə verib zülfüqar ilə bir mey, Yəqin ki, olmaz o, məşhər günü belə hüşyar.
Əcəb deyil, o cavanmərd sayilə vermiş Yükü cəvahir olan naqələr qətar-qətar.
Onun səxavəti cuşə gələrsə, bir anda Gədayə bəxş edər yüz qətar, bəlkə həzar.
Dəvə qətarı əgər olsa yeddi səyyarə, Vurulsa onlara sandıq kimi fələklər bar,
Zəmanə həftəsini daima qətarə düzən Qəza verər onun övladına özü ovsar.
Qiyamətin gününün əksinə, bu aləmdə, Həyat bir gecədir qıssa, sərt, zülmətbar.
Yatıb qürur ilə cümlə xəlayiq ol gecədə, Əli, ibadət üçün həqqə, tək qalar bidar.
Yumulmamışdır onun gözləri belə yuxudan, Bunu adındakı “eyn” hərfi də edər iqrar.
Nə qorxu vardır, ona düşmən olsa aləm əgər, Yatan necə yetirər yatmayanlara azar?
Vəfa xəzinəsinə ol xəzinədar olmuş, Nəcatə doğru odur cümlə aləmi aparar.
Odur cahanda olan lütfü mərhəmət kanı, Nəcat üçün bütün aləm ona pənah aparar.
Kəramətilə o, yüz min Məsihi zində qılıb, Səxavətinə olub yüz Xəlil minnətdar.
Üzünü dərgəhinin asitaninə qoyaraq, Sızıldar, üzr dilər, bu zəmaneyi-qəddar.
Edəndə vəsf o şahı qələm, kəsildi dili, Bununla aləmə öz iczin eylədi izhar.
Onun yoluyla gedən dostların qədəmlərinə. Kəvakib incisini çərx edər tabaqla nisar.
Sən, ey gözəl sifəti, lütfü binəzir olan, Qulami-həlqəbəgəşun olub sənin əhrar.
Sənin məhəbbətini bilməyən böyük ne’mət, Tamam ne’mətinin həqqin eyləmiş inkar.
Vəfa yolundakı bikəslərə pənah sənsən, Kim iltica eləmiş, olmusan ona qəmxar.
Şəha, mənəm ki, sənin dərgəhində şamü səhər Tutub qərar, edərəm vəsfini sənin təkrar.
Deyil ki, təkcə mənə feyzin etmisən şamil, Tamam xəlqə yetər feyzin, ey böyük sərdar!
Varındı süfreyi-lütfündə minlər ilə fəqir, O süfrədən döşürər xırda bu Füzuliyi-zar.
Ümidimiz bunadır kim, nə qədr yer dayanır, Nə qədr seyr edəcəkdir bu günbədi-dəvvar,
Baharı dostlarının görməsin xəzan bir dəm, Xəzanı düşməninin olmasın bir an da bahar.
* * *
Lüğət: Dəstar – çalma, baş sarığı; Bəhmən – qışın ikinci ayı, şəmsi ilinin XI ayı; Atəşbar – od yağdıran; Zar – sızıldayan, ağlar, zəif; Rizvan – behiştin xəzinəsi, cənnət; Dəlil – yol göstərən; sübut; Xar – çox möhkəm daş, mərmər daşı; Əhli – raz – sirr əhli, sirdaş; Sal – il; Ariz – yanaq; Dəni – alçaq; Qədr – dəyər, qiymət, məziyyət; Cami – xoşgüvar – ləzzətli şərab; Badə – şərab; Əhbab – dostlar; Mahi – taban – parlaq ay; Taban – parlaq; Səriri – abi-rəvan – axar suyun səsi, şırıltısı; Əsrar – sirlər; Zünnar – keşişlərin dini ayin zamanı bellərinə bağladıqları qurşaq; Ənsar – yardımçılar; Məhəmmədi Məkkədən Mədinəyə çağıran qəbilələrin böyüklərinə verilən ad; Naqə – dəvə; Həzar – min; bülbül; Bar – yük; meyvə; dəfə; rəsmi qəbul; Bidar – zülm, təcavüz; Eyn – göz; Zində – diri; Dili – tirə – qaranlıq könül, tutqun könül; İltica – sığınmaq; Günbədi – dəvvar – hərlənən günbəz, səma; Dəvvar – dövr edən, hərəkət edən; Dəm – qan; zaman; nəfəs; ah; söhbət