Qırılan meşələr
Bir zamanlar burda meşə var idi, Bu meşədə tər bənövşə var idi. Bənövşəsi ətirlərdi dünyanı, Dünyasında sevinc, nəşə var idi. Nəşəsində şeriyyəti tapardıq, Şeriyyətdə min hikməti tapardıq. Bu hikmətdə sehrə, gücə bağlanıb, Sehrindəki təbiəti tapardıq. Təbiətdən bol olardı payımız, Payımızda bulağımız, çayımız. Çayımızda duyğuların nərəsi, Bu nərədə harayımız, hayımız. Bir zamanlar burda bulaq var idi, Bulaq üstə yanan ocaq var idi. Ocağında gözümüzün işığı, İşığında yaşıl yaylaq var idi. Yaylağında sayrışardı çiçəklər, Çiçəklərdə döyünərdi ürəklər. Ürəklərdən zirvələnib uçardı, Zirvə deyən xoş arzular, diləklər. Gözəlliyin əlacını kəsdilər, Meşələrin ağacını kəsdilər. Qaqqıltısı könül açan yerlərin, Kəkliyini, turacını kəsdilər. Qurutdular bulaqların suyunu, Kim çalacaq dərələrin toyunu? Nəslin yerə kök atması çətindi, Qoca palıd göstərməsə boyunu! Meşə varmı dərd açasan bəyinə, Qartal varmı boylanasan göyünə? Ağla, könül, təbiətin halına, Quru yerin torpağı nə, göyü nə!