Əsas məzmuna keç

Məsnəvi

QƏZET NƏDİR?

Seyid Əzim Şirvani

3

Dün sual etdi bir nəfər cahil – Ki, qəzetdən nədir bizə hasil? Bu Həsən bəy nə istəyir bizdən, Doldurub aləmi quru sözdən. Danışır gah əkin, ziraətdən, Gah maşın, gah özgə sənətdən. Şərh edir, gah süd qayırmağı – Ki, qatıqdan belə çəkin yağı. Pendiri öyrədir ki, böylə tutun, Saxlayıb artıcaq bahaya satın. Gah Amerikadan eyləyir kim yad, Bu sifət bir maşın olub icad. Nəyə lazımdı bizlərə maşın, Nə üçün xəlqin aldadır başın? Babamız görməmişdi maşın işi; İngilis kimi tovlayır bu kişi. Dad edir ki, gərəkdir elm oxumaq, Çəkmə tikmək və ya ki çit toxumaq. Biz məgər bilmirik yağı tutmaq, Pendiri saxlayıb pula satmaq? Çöldə hər övrəti-Qarabaği Nehrədə çalxayır gözəl yaği. Biz məgər bilmirik taxıl biçmək? Nəyə lazımdı maşın öyrənmək? Şöxmə vacibdi çünki beş cüt kəl, Biçinə çin gərəkdi, xırmana vəl. Nə gərəkdir yazıb ki, ol sadə: Fəhlələr cəng edir Amerkadə. Bilməmiş rəmzini bu dünyanın Söyləyir halını Amerkanın. Hiç doğru deyil bunun nəfəsi, Nə qəzetdir? Tamam pul tələsi. Dedim: – Ey cahili-kərihxitab, Gərçi nadanə yoxdu hiç cavab. Bu qəzet kim, olub cahanda bina, Bunu kim ixtira edib aya? Hansı millət bunu edib icad? Hansı dövlət edib ona imdad? Nədir ol millətin görək qərəzi, «Həst, əlbəttə, dər diləş mərəzi». Hamı millətdə var qəzetlər çox, Demə kim, bunda hiç faidə yox. Qəzetin çoxdu xəlqə mənfəəti, Nə bilir kim ki yoxdu mərifəti, Nə deyim, vəhyi-asimanidir ol, Leyk ərbabi-hal canıdır ol. Ümmül-əxbar, müxbirül-asar, Kaşifür-rəmz, vacibül-əsrar, Leyk vacibdü şərh edim hali Səni filcümlə eyləyim hali Rayizi-malikani-vadiyi-şövq, Qaidi-sakinani-aləmi-zövq, Rəhbərü rəhnəvərdü rahnüma, Cəbrəili-əmini-əhli-səfa. Özünə eyləyib həmiyyəti fərz – Ki, edə aləm içrə teyyül-ərz. Gah olur əsbi-telqrafə səvar, Şərqdən Qərbə söyləyir əxbar. Gəh qılır poçtaxanələrdə məqam, Xəlqə əxbar eyləyir elam. Nə qəzet, mayeyi-səadətdir, Nə qəzet, eyni-elmi-hikmətdir. Xassə «Tiflisski Vestnik»in xəbəri, Yetişir əhli-aləmə səməri. Bir qəzetdir ki, sadiqül-əxbar, Müştərisi nücum tək büsyar. Xassə «Kavkaz» ki, əhli-Qafqazə, Hər zaman bir xəbər verir tazə. Xassə ol kim, «Əkinçi»yi-dana, Əhli-islamı eyləyib ehya, Gah Peterburqdan olur guya, Gah olur Hindi-Şərqdən peyda. Gah Dunaydan qəzet verir xəbəri, Gah Parisdən gəlir onun əsəri. Kəşf edir karxanədən səməri, Söyləyir hər kraldən xəbəri.

Seyid Əzim Şirvani
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.