Qəzəl
Hara düşdü Şəhriyarım, ax, diyar görmək istərəm, Haqq diyarımtək orada da haqq diyar görmək istərəm.
Yenə yandı bağrım mənim, təzələndi ağrım mənim, Zamanı, ruzgarı, dövrü, vaxtı yar görmək istərəm.
Nə müddətdi yolu gözlər bəxti kimi qara gözlər, Arazdan körpü salmağa ixtiyar görmək istərəm.
“Eyvaz gəlib yatmayınca, yatmaram” – dedi şair, Mən Eyvazam, çatmaq üçün baxtı yar görmək istərəm.
Şah taxtına baş əymədi Nəsimilər, Füzulilər, Mən ölsəm də demərəm ki, taxtı yar görmək istərəm.
Dərman özüm, dərd özüməm, Azərbaycandı torpağım, Yol gözləyən qoca, cavan, ixtiyar görmək istərəm.
Bu tayda Bəxtiyarımı bəxtiyar gördü gözlərim, O tayda Şəhriyarımı bəxtiyar görmək istərəm.