Əsas məzmuna keç

Qoşma

Qəriblər

Zəlimxan Yaqub

2
Bizə ayrı düşmək haqdan əmirdi, Yeddi il dediyin xeyli ömürdü. Məgər mənim canım daşdı, dəmirdi, Ana mən Qəribəm, Qəribəm, Qərib. “Aşıq Qərib” dastanından

Sən şükürlüsənmiş, ay Aşıq Qərib, Sənin qəribliyin yeddi il çəkib. Tale qəriblərə zülüm göndərib, Hərəsi bir ağrı, bir nisgil çəkib.

Şahsənəm eşqinə düşüb yollara, Dərdini deməyə saz götürübsən. Vaxtında yetişib vəfalı yara, Həsrətin yükünü az götürübsən.

Daşımaq çətindi əzabı, dərdi, Bəxtin qarası var, işin bədi var. Sənin Şahvələdin bircə nəfərdi, İndinin min cürə Şahvələdi var.

Min yol çağırsaq da, gözə görünməz, Səni göy atına mindirən kişi. Hamıya görünər, bizə görünməz, Qəribi qürbətdə dindirən kişi.

Hələbdən Tiflisə, Sənan dağına, Mavi qanadların üstündə gəldin. Ana istəyinə, yar sorağına, Üçaylıq yolları üç gündə gəldin.

Bu gün qəriblər var, birgünlük yola, Qırx ildi əlləşir, yetişə bilmir. Dolanır gözünə yaş dola-dola, Naləsiz, fəryadsız ötüşə bilmir.

Dözə bilmədinsə yeddicə ilə, Yetmiş il qürbətdə qalan neyləsin? Əridib ömrünü hey gilə-gilə, Tufandan-tufana salan neyləsin?

Yuxularda görüb Azərbaycanı, Xəyalı min yerə dağılan da var. Üzülüb ürəyi, əzilib canı, Göz yaşı içində boğulan da var.

Qürbətin hər günü qəlbin yasıdı, Hər könül bir odlu ahdan ağrıyar. O ki qəm oylağı, dərd yuvasıdı, Gahdan sakit olar, gahdan ağrıyar.

Sönən şama dönər, əriyən yağa, Onun yarasına məlhəm tapılmaz. Elə ki, can atar məktub yazmağa, Varaq tapılsa da, qələm tapılmaz.

Qəriblər qəfləti ölmür, işə bax, Susmaq ağır olur, can vermək çətin. Görür sifətini ölümdən qabaq, Yadlaşan sevginin, buz məhəbbətin.

Elə ki, göz yumur Tanrıya bəndə, Onda yavaş-yavaş bədən soyuyur. Qəribin ürəyi buza dönəndə, Buzun arasında Vətən soyuyur.

Qərib var, Vətəndən yarpaq arzular, Vətənin üzütək öpülmək üçün. Qərib var, Vətəndən torpaq arzular, Öləndə qəbrinə səpilmək üçün.

Gözünün başında boğulan, axan, Eldən aralanıb gedən yazıqdı. Gözləri həmişə qürbətə baxan, Qəribi çox olan Vətən yazıqdı.

Görüb təbiətin sərt ayazını, Dərdini obaya, elə söyləyər. Qəmli aşıq kimi çalıb sazını, Qəriblər fikrini belə söyləyər:

Ağlamaqdan, Əzizim, ağlamaqdan. Bağda yarpaq qalmadı Yaramı bağlamaqdan.

Vallah, şükürlüsən, ay Aşıq Qərib, Sənin qəribliyin yeddi il çəkib, Tale qəriblərə zülüm göndərib, Hərəsi min ağrı, min nisgil çəkib.

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.