Qərib-qürbət eldən qız sevən oğlan
Qərib-qürbət eldən qız sevən oğlan, Yaxın qonşusundan soruş halını. Bir kəlmə qulluğa buyurmaq olmaz, Tanrı qırsın qız doğanın belini.
Altı aydır düşüb bir çuxa bəhsi, Üç aydan bir gəlmir cəhrənin səsi, Paslanıbdı iyi, çıxmır düyçəsi, Küllüklərdə gəzir corab milini.
İşə buyuranda, - "naxoşam", deyir, Öynədə bir badya doğrama yeyir, Qonşuynan dalaşır, uşağı döyür, Kəsən yoxdu bu zalımın dilini.
Axşamdan yıxılır, çeşdətək yatır, Həftədə hanaya bir arğac atır, Gün batan çağında balatı qatır, Çırmamır qolunu, yumur əlini.
Ələsgər sözünü deyər üzünə, Güllə dəysin pis övladın gözünə. Zibil çıxıb uşaqların dizinə, On beş fəhlə arıtdammaz külünü.