Qəmli şəkil
Əli necə gəlib şəkil çəkənin, Belə bir şəklini çəkib Müşfiqin. Lap qatı vaxtıymış dumanın, çənin, Zülmət varlığına çöküb Müşfiqin.
Sevincin zərrəcə nişanı yoxdur, Ancaq bu şəkildə kədər danışır. Duruşu sinəmə sancılan oxdur, Solğun baxışları nələr danışır.
Baxışlar deyir ki, haqqı tapdayan, Başımın üstünü kəsən zalım var. Baxışlar deyir ki, ey cəllad, dayan, “Hələ bədr olmamış bir hilalım var”!
Cəllad heç baxmırdı o baxışlara, Baxsa, inadından dönərdi, bəlkə Bir gəncin eşqini çəkməzdi dara, Qəlbində şər hissi sönərdi bəlkə.
Bayquş qənimiydi nəğmənin, səsin, Duyan ürəkləri salırdı dərdə. Görüşdə başına gül yağan kəsin, Soldu gül həvəsi zirzəmilərdə!
Hardadı yatdığı, durduğu məhbəs, Qanı hansı yerə dağılıb görən? Onun ölümünə fərman verən kəs, Ana bətnindənmi doğulub görən?
Yurdun sinəsinə kimlər çəkdi dağ, Kimlər əl qaldırıb tətiyi çəkdi? Xalqın şairini gülləyə tutmaq, Bu xalqın özünü güllələməkdi!