Əsas məzmuna keç

Heca şeiri

Qəm məni arabir üstələyəndə

Zəlimxan Yaqub

1

Saralır çəmənim, solur çiçəyim, Payız gülləritək pərişan olur. Sükuta yad olan qaynar ürəyim Sükutla əl verib barışan olur, Qəm məni arabir üstələyəndə...

Elə bil gəmilər batır dəryada, Uzaq sahillərdə liman ağlayır. Taleyi kəmləri gətirib yada, Dağların başında duman ağlayır, Qəm məni arabir üstələyəndə...

Sanıram el-oba yığılır yasa, Analar dil deyib, ağı başlayır. Sevincin boynundan qəm basa-basa, Bir ömrün yetimlik çağı başlayır, Qəm məni arabir üstələyəndə...

Yanıram odlara mən diri-diri, Şirini çatışmır acı dünyanın. Bişirir canımı isti təndiri, Qovurur qəlbimi sacı dünyanın, Qəm məni arabir üstələyəndə...

Dəyir qulağıma addım səsləri, Açıram qapını, görüm, kim gəlir? Salıram yadıma müqəddəsləri, Dadıma yenə də sevincim gəlir, Qəm məni arabir üstələyəndə...

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.