Qəm gündə könlümə bir hava saldı
Bir qaçqının dilindən
Sinəmdə elə bir bostan əkdilər, Dəmir toxum saldı, xış balaladı. Yaz doğmaz, törəməz bir fəsil oldu, Bizim qapımızda qış balaladı.
Oda baxa-baxa közərdi didəm, Yenə də üzümdə qurumadı nəm. Kövrəldim, qəlbimdə quzuladı qəm, Ağladım, gözümdə yaş balaladı.
Qəm gündə könlümə bir hava saldı, Gah sakit yaşadı, gah dava saldı. Məcnuntək başımda dərd yuva saldı, O yuva içində quş balaladı.