Qəm eyləmərəm çərx ala simu zəri məndən
Qəm eyləmərəm çərx ala simu zəri məndən, Tək eyləməsin dur meyi-əhməri məndən, Can cövhəridir, almayın ol cövhəri məndən, Ey saqi, diriğ etməgilən sağəri məndən, Bir cam ilə rəf eylə bu dərdi-səri məndən.
Zahid, tutalım həşr günü duzəxiyəm mən, Hardan gəlibən sən, görək, oldun belə eymən, Sən qullar ilə rəbbin ədasın nə bilirsən, Bakim nə mənim duzəxin atəşgədəsindən, Almazsa əgər lücceyi-çeşmi-təri məndən.
Kimdir o ki, hiç olmaya aləmdə günahi, Var bu qapının mən kimi çox ruy-siyahi, Hərçənd ki, çox eyləmişəm feli-mənahi, Mən anladığım əfv isə, əfv eylər ilahi, Sorma günəhim qeyrdən, al dəftəri məndən.
Yüz hiylə ilə məkr edib əğyari-cəfakar, Məndən o gülü eylədilər axırı bizar, İndi kimə dərdim deyim, aləmdə kimim var? Olsun görəyim, möhnəti-hicranə giriftar Rəncidə edən ol büti-məhpeykəri məndən.