Əsas məzmuna keç

Heca şeiri

Qələbə çalmağa nə var

Zəlimxan Yaqub

1

Qorxaqlığı tərk eyləsən, Qələbə çalmağa nə var. Torpaq nədir – dərk eyləsən, Qələbə çalmağa nə var?!

Ortada düşük olmasa, Torbada pişik olmasa, Gəmidə deşik olmasa, Qələbə çalmağa nə var?!

Ayrılmasaq köçümüzdən, İbrət alsaq suçumuzdan, Çürüməsək içimizdən, Qələbə çalmağa nə var?!

Millətimiz bir olanda, Birliyimiz pir olanda, Döyüş vaxtı şir olanda Qələbə çalmağa nə var?!

İman, insaf olan yerdə, Duyğular saf olan yerdə, Fikir şəffaf olan yerdə Qələbə çalmağa nə var?!

“Millət!” – desin ucalan səs, “Vətən!” – desin hər dinən kəs, Satqınların kökünü kəs, Qələbə çalmağa nə var?!

Şəhid kimi tapşır qanı, İgid kimi al meydanı. Öldür içində şeytanı Qələbə çalmağa nə var?!

Məğlub olmaq zəncirdisə, Məğlub olmaq kəndirdisə, Məğlub olmaq təhqirdisə, Məğlub olmaq qəbirdisə, Qələbə son ümid yeri, Qələbə son tədbirdisə, Qələbə çalmağa nə var?!

2001, 13 mart

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.