Qələbə
Baxdım baxışlara, baxdım gözlərə, Alışan gözlərdə qələbə gördüm. Dodağa od saçan, dilə od vuran, İşıqlı sözlərdə qələbə gördüm.
Kimə boylanırdım, kimə baxırdım, Hamı qələbədən xəbər verirdi. Kəsilən çörəyin, içilən suyun, Tamı qələbədən xəbər verirdi.
Qələbə – tarzənin barmağındakı Xaldan süzülürdü, səsdən gəlirdi. İllərdi ah çəkib ağlayan Vətən, İlk dəfə silkinib yasdan çıxırdı.
Ömür kitabında ömrə dağ çəkən, Pis illər, pis aylar, pis günlər oldu. Qırılan qırıldı, vurulan öldü, Nə qədər həyatdan küskünlər oldu.
Bu günün başqa cür havası vardı, Nə matəm günüydü, nə yas günüydü. Yumruqlar havanı dəlib-deşirdi, Qana – qan, qisasa – qisas günüydü!
Hamının üzündə gəzən sevinci, İlk dəfə görürdüm illərdən bəri. Elə bil ən igid bir əsgər kimi, Mən özüm almışdım yüksəklikləri!
Vida demək üçün qanlı günlərə, Nöqtə qoymaq üçün xalqın ahına, Səngərə çevrilib, qalaya dönüb, Hər kəs sarılmışdı öz silahına.
Oxunan mahnılar dağ oynadırdı, Cərgələr sıx idi, addımlar mətin. Adı ayaqlara düşməsin gərək, Şeiri qılınctək kəsən millətin!
Heç kəsin haqqını itirməz zaman, Kimin kimliyindən tarix halıdır. Bu günün yenilməz hər döyüşçüsü, Sabahın ən məşhur generalıdır!
Qoy bu gün qazılan Vətən səngəri, Yurdun toxunulmaz səddinə dönsün. Hər ucalan palıd, hər məğrur qaya, Vətənin əyilməz qəddinə dönsün!
Baxma ki, yollarda duman var, toz var, Qəlbimdə atəş var, dilimdə köz var. Bu gün dodağımda tək bircə söz var: Qələbə! Qələbə! Ancaq Qələbə!
Kimin dərdi birdi, kimin dərdi min, Qəbri tapdanmasın gərək mərdimin. Bircə dərmanı var mənim dərdimin: Qələbə! Qələbə! Ancaq Qələbə!
Yaşlı yanaqların quruyan nəmi, Qəmli ürəklərin silinən qəmi, Bütün könüllərin gücü, məlhəmi – Qələbə! Qələbə! Ancaq Qələbə!
Haqsızın gücü var, haqqın Allahı, Allah yerdə qoymaz çəkilən ahı. Bu gün millət üçün sözlərin şahı – Qələbə! Qələbə! Ancaq Qələbə!
Doğan Günəşidir sökülən danın, Alar qisasını tökülən qanın, Ucaldar başını Azərbaycanın, Qələbə! Qələbə! Ancaq Qələbə!