Əsas məzmuna keç

Qəsidə

Qəlbimə nur saçdı eşqin, hüsnün olcaq cilvəgər

Məhəmməd Füzuli

1

Qəlbimə nur saçdı eşqin, hüsnün olcaq cilvəgər, Var yeri, aşiqlərin şö’lə çəkib yansa əgər.

Aşiqə abi-həyat olmuş sənin eşqin, bəli, Kim içər bir qətrə ondan, sağ qalar həşrə qədər.

Hüsndə hər incəlik varsa, camalından doğar, Səndəki hüsn incəliklər xaliqi olmuş məgər?

Çatmaq olmaz vəslinə cəbr ilə, ey sultan, sənin, Hər kəsə lütfün füzun olsa, ona feyzin yetər.

Bir baxışda can verib, söylər həyatə əlvida, Qəddinə zövq əhli salsa həsrət ilə bir nəzər.

Sən gedərkən aşiqin ruhu olar təndən cida, Bir əmanətdir bədəndə ruh, sənsən ruhbər.

Dövrə vurmuş çevrəsində xalının ruhlar sənin, Ay üzün olmuş könüllər məclisi, ey simibər.

Görmədən rüxsarini heyran olublar hüsnünə, Qəlbi üşşaqın odur olmuş belə zirü zəbər.

Tə’nə ilə aşiqi döndərmək olmaz eşqdən, Aşiqə tə’n eyləyən nasehlər olmuş əhli-şər.

Qəlbdə rişə atan eşqə zəval olmuş məhal, Eşq dərdinin təbibi daima çəkmiş zərər.

Aləmin ne’mətləri aşiqlərə olmuş həram, Eşqdən başqa nə varsa, aşiq ondan əl çəkər.

Kainatə yüklənərsə sevginin möhnət yükü, Bağrı partlar göylərin, qalmaz bu aləmdən əsər.

Eşq dərdi bir ölü qəlbində yer tapsa əgər, Qəbrdən fəryadi ərşə yüksələr şamü səhər.

Qarnı acgöz ruzigarın tö’mədən asan doyar, Doymaz aşiq dərdi-möhnətdən, olarsa hər qədər.

Aşiq öz mə’şuqəsindən mərhəmətlər görsə də, Sanmayın razi qalıb, söylər ki, oldum bəxtəvər.

Kim gülün ətrini duysa, meyl edər görsün onu, Görcəyin istər ki, üzsün şaxəsindən birtəhər.

Sevginin həzz böyükdür, qoymaq olmaz hədd ona, Leyk ondan əl çəkər kim əqli tutsa rahbər.

Eşqin həzzindən ağıl sahibləri məhrum ikən, Hər kəsin başında sevda var, bu həzzi dərk edər.

Eşqdən zövq alsa bir aqil, əcayib görsənər, Bu ona oxşar ki, bir kor quş şikar üstə gedər.

Ağladıqca mən, cəfani artırırsan, dilbərim, Ey həbibim, dadına çatsın xudayi-dadivər.

Həqq özü versin o birəhmin cəfasinə xitam, Zülmünə dözdükcə mən, tüğyan edər ol kinəvər.

Dinləməz kim, eşq dərdini ona izhar edəm, Qəlbimi təskin üçün sə’yim mənə verməz səmər.

Sevginin düşmənləri hər nə desə, tabe olar, Diqqət ilə dinləyər, böhtan atarsa əhli-şər.

Bir xəta çıxdı dilimdən, eşqimi açdım ona, Indi mən üzr istərəm, lütfən günahımdan keçər.

Üzr ilə sönməzsə qəlbində olan qeyz atəşi, Ağlaram ta kim, şəfaətçim ola bu çeşmi tər.

Öylə bir adil imamın eşqinə verrəm qəsəm Kim, vicudilə onun düşmüş nizamə bəhrü bər.

Həm vəlidir, həm vəsi, həm kamil, həm sahibkəmal, Həm təqidir, həm nəqi, həm zahidü, həm mö’təbər.

O, nəmaz üstə fəqirə verdi öz əngüştərin, Dini-həqq çaldı səxasından onun küfrə zəfər.

Əl atıb gəhvarəsində parə etdi əjdəri, Görməmişdir böylə bir mö’cüz hələ növ’i-bəşər.

Yoxdur ondan özgə nə şər’in, nə ürfün mərcəi, Hökmünə tabe olub ol sərvərin şəmsü qəmər.

Dostuna qismət olub nüsrət, kəramət hər zaman, Sidq ilə kim damənindən tutsa, ərşə yüksələr.

Vəsfü surətdə Əli çünki vəliyullahdır, Var məqami həqq yanında Yuşə’ü Isa qədər.

Canlanıb dinin fidani çeşməsindən tiğinin, Əsl odur dini-mübinə, övliyadır şaxü bər.

Hər fəzilət varsa, bu aləmdə o bəzl eyləmiş, Qüdrətü əzmilə aləmdə bölünmüş xeyrü şər.

Beyrəqi-ülviyyəti ə’la məqamə qaldırıb, Küfrü xar etmiş, şəriət tapmış ondan izzü fər.

Feyzü idraki onun tapmaz məlamətdən zəval, Öylə bir dağdır ki, bunlardan ona yetməz xətər.

Nizə vursa düşmənə, rəncidə olmaz xatiri, Dini ehya eyləmiş vurmaqla şəmşiri-düsər.

Dostluğunda mənfəət, düşmənliyində var ziyan, Dosta baran qətrəsidir, düşməninə şiri-nər.

Lütfdə, ehsanda üstündür o mövla cümlədən, Kimsədə yoxdur cahanda ondakı cür’ət, hünər.

Qılmasaydı hikmətinə təkyə şər’i-Mustəfa, Küfr edərdi xaneyi-dini yəqin zirü zəbər.

Damənindən tutmasaydı sidqlə aləm onun, Kainatın paltarı parə olardı sərbəsər.

Tiği Musanın əsasi tək zühur etdikdə, bil, Sehrdə hər cür düyün varsa olar fani, hədər.

Əssəlam, ey mənbəi-təqva sənə, kim, olmusan, Həqq kəramatinin asarinə nadir bir gühər.

Tərk qılmış cənnəti Adəm ki, öldükdə onun Türbəsi türbən yanında daim olsun bikədər.

Cənnətin hüsnü böyükdür, vəsfə gəlməz şübhəsiz, Leyk qəbrin aqilə cənnətdən ə’la görsənər,

Nuh axıtdı göz yaşı ömrü boyu, istərdi kim, Xidmətində qul kimi fəxr ilə bağlasın kəmər.

Vacib olmuş cümlə məxluqatə sevgin, ya Əli, Səndən özgə dostluğa layiq görülməz bir nəfər.

Kim sənin düşmənlərini dost tutarsa, məhv olur, Mənzilə çatmaz kim əyri yoldan eylərsə səfər.

Həq yaratdı bir-birindən əql ilə ruhu cida, Eşqin ilə birləşib, onlar necə südlə şəkər.

Ya Əli, sənsən vəfanın kani, həqqin məzhəri, Dərgəhindən bu Füzuli icz ilə hacət dilər.

Mən həsəd əhlindən ey mövla şikayət eylərəm, Eyləməz göz yaşlarım əhli-inadə çün əsər,

Dəf’inə əhli-fəsadın şərrinin, tə’cil qıl, Xahişim, arzum budur səndən, qəbul etsən əgər.

* * *

Lüğət: Abi – rəvan – axar su, çay; Füzun – artıq; çox G; Can – ruh, bədən; Əhli – raz – sirr əhli, sirdaş; Rüxsar – yanaq S; Üşşaq – aşiqlər; Naseh – nəsihət edən; Rişə – saçaq, kök; Razi – dil – ürək sirri; Həbib – sevgili, dost; Atəşi – bim – qorxu odu; Bəhr – dəniz; əruz vəznində şeir ölçüsü; Vəli – lakin; dost, xələf, mənəviyyatca Allaha yaxın; Sərvər – başçı; Şəms – günəş; Qəmər – ay; Bəzl – bağışlamaq; Xar – çox möhkəm daş, mərmər daşı; Məlamət – məzəmmət, danlaq; Rəncidə – incidilmiş; Baran – yağış; Düyün – şənlik; toy; Məzhər – bir şeyin zahid olduğu yer

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.