Qəhətdimi
Aşıq, oxuyursan yaxşı söz oxu, Deməyə mənalı söz qəhətdimi? Yoxsa kəramətin, çıxma məclisə, Başına bükməyə bez qəhətdimi?
Ustad meydanına girməsin çağa, Aşığın dilindən gərək dürr yağa. Çıxmağı bilmirsən, dırmaşma dağa, Yeriş yeriməyə düz qəhətdimi?
Zəlimxan sevəndi kamil ustadı, Kamil ki deyilsən, batırma adı. Yoxdu sözlərinin ləzzəti, dadı, Gözünə qatmağa duz qəhətdimi?