Əsas məzmuna keç

Qoşma

Qəfil gələn sevinc nə gözəl olur

Zəlimxan Yaqub

1

Özün də bilmirsən harda gizlənir, Çiçəyə bürünür, qarda gizlənir. Sanki göy durulur, yer təmizlənir, Qəfil gələn sevinc nə gözəl olur.

Yoluna göz dikib yorulmağın yox, Üzücü həsrətə yar olmağın yox. Qovrula-qovrula qor olmağın yox, Qəfil gələn sevinc nə gözəl olur.

Yada zəhməti yox, dosta minnəti, Heç kəsin fikrini soruşmaz qəti. Nə nağılı sevər, nə məsləhəti, Qəfil gələn sevinc nə gözəl olur.

İntizar ürəyi hey çəkir dara, Xəbər var, gəlmir ki, canın qurtara. Gəlişi muştuluq gətirir yara, Qəfil gələn sevinc nə gözəl olur.

Nə dan yeri duyur, nə sabah bilir, Nə insan eşidir, nə dərgah bilir. Onun gəlişini bir Allah bilir, Qəfil gələn sevinc nə gözəl olur.

Ruha sığal çəkib əsir meh kimi, Doğur işıq kimi, düşür şeh kimi. Taxtına qaldırır səni şah kimi, Qəfil gələn sevinc nə gözəl olur.

Ona can söylədim, mənə can dedi, Sevindi, sevgimə bir dastan dedi. Axır ki, bir gün də Zəlimxan dedi, Qəfil gələn sevinc nə gözəl olur.

2000, 17 yanvar

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.