Qəbirqazan
Necə də həvəslə girişib işə, Elə bil ev tikib saray ucaldır. Onun nə günahı, neyləsin, Allah – Bütün komalardan, kaşanələrdən Ah-nalə qarışıq haray ucaldır.
İşi yaxşı gedir qəbirqazanın, Ayağı yeriyir, əli gətirir. Dirilər üzüldü qəm daşımaqdan, Hər gün qəbiristana ölü gətirir.
Ölü adiləşir onun gözündə, Allah bəndəsidir, kim olur olsun. Ya səsi içində batan bir nəfər, Ya haqqın səsidir, kim olur olsun.
Ölüb gedənləri insan oğlu yox, Dəyirman ağzından çıxan ah bilir. Daş harda, qum harda, kərpic hardadı, Hər şeyin yerini əzbərdən bilir.
Alın yazısını tanrıdır yazan, İşin daşdan çıxır, dəmirdən çıxır. Qaz bu qəbirləri, ay qəbirqazan, Sənin də çörəyin qəbirdən çıxır...
2001, 2 aprel