Əsas məzmuna keç

Heca şeiri

Qəbiristanlıq düşüncələri

Zəlimxan Yaqub

1

Hara baxsan daşdı, daş, qəbristanlıq daşları, Gedənlər bu daş kimi laxladılar getdilər. Ölənlər öldü getdi, qurtardı öz canını, Dərdi-qəmi bizlərə saxladılar getdilər.

Gülüşdən gülüstanı, gözyaşından dəryası, Gördülər, yaşadılar hər bayramı, hər yası. Hər insan övladının bir toyu var, bir yası, Sevindilər, güldülər, ağladılar getdilər.

Ölüm varsa, nə fərqi, kim nədən öldü, nədən, Göylərə ucaldı ruh, torpaqda yatdı bədən. Dirilər qara geydi, ölülərsə ağ kəfən, Gedəni ağa büküb ağladılar getdilər.

Yerə-göyə sığmadı işvələri, nazları, Aşıq olan kəslərin dil-dil ötdü sazları. İgid-igid oğullar gözəl-gözəl qızları İylədilər, dərdilər, qoxladılar getdilər.

Dərman tapan oldumu dərdinə, azarına, Ümid varmı dünyanın behinə, bazarına. Saraylardan çəkildi hər kəs öz məzarına, Əbədi yuxu tapıb yuxuladılar getdilər.

2006, 23 avqust

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.