Qəbiristana gedən yolda
Addımları ağır gördüm, Adamları fağır gördüm, Neçə nəmli cığır gördüm, Qəbristana gedən yolda.
Gözümdə bulud apardım, Könlümdə sükut apardım, Çiynimdə tabut apardım, Qəbristana gedən yolda.
Qəmsiz bircə baxış yoxdur, Sevinc adlı naxış yoxdur, Giriş varsa, çıxış yoxdur, Qəbristana gedən yolda.
Ləngimək var, yorulmaq var, Sökülmək var, qurulmaq var, Təmizlənib durulmaq var, Qəbristana gedən yolda.
Ah qalxır, aha qovuşur, Ağı segaha qovuşur, İnsan Allaha qovuşur, Qəbristana gedən yolda.