Əsas məzmuna keç

Heca şeiri

Qaytar aldıqlarını

Zəlimxan Yaqub

1

Mən bir kənd adamıyam, sığmıram şəhərlərə, Allahım, qaytar məni, geniş düzlərə qaytar. Gecələr ulduz dərim göylərin yaxasından, Dan yerinə qovuşdur, saf gündüzlərə qaytar.

Dünyaya quru gələn, dünyadan quru getdi, Uğursuz ömürlərin əldən uğuru getdi. Asfalt döşəmələrdə gözümün nuru getdi, Şehdən düşən işığı sönən gözlərə qaytar.

İllər əldən çıxanda yellərdən yeyin gedir, Çaxnaşmalar içində baş gedir, beyin gedir. Tanrı, nə itirirsən, mayadan nəyin gedir? İşıqlı çöhrələri solmuş üzlərə qaytar.

Düşüb ömrün axşamı, səhər gedib, dan gedib, Qandakı təpər gedib, damardakı qan gedib. Hər dəfə dərd gələndə canımızdan can gedib, Qaytar gücü, qüvvəti, heysiz dizlərə qaytar.

Gör nə tez başa çatdı tamaşamız, seyrimiz, Üstümüzü qar aldı, isinməmiş yerimiz. Yox, deyəsən, səninlə baş tutmur alverimiz, Qaytar aldıqlarını, qaytar bizlərə qaytar.

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.