Əsas məzmuna keç

Heca şeiri

Qayıtmalıydım

Zəlimxan Yaqub

1

İnsanın acığı, hirsi tutanda Özgəni tanımaz, özündən çıxar. Tüstü təpəsində dumana dönər, Qəzəb qığılcımı gözündən çıxar. Əl nədən yapışar yadına düşməz, Sıyırar qılıncdan xəncərə kimi. Mərhəmət üzünə çəkər pərdəni, Bağlanar önündə pəncərə kimi. Özümdən çıxanda dünyadan çıxıb Ulduza getmişəm, Aya getmişəm. Yerdə qala kimi bir könül yıxıb, Göydə bir nişana, toya getmişəm. Orda ayılmışam yer o yer deyil, Susub həm qəzəbim, həm kinim mənim. Yaylaqdan arana köçən el kimi, Yerinə qayıdıb təmkinim mənim. Heyif, bu yollarda yordum özümü, Ömrümə-günümə, vaxtıma qıydım, Mən niyə bilmədim qayıtmalıydım.

Özümə qayıtdım, dünyaya gəldim, Dağlar səbir qoydu səbrimin üstə. Harda dəfn olardım torpaq olmasa, Orda kim gələrdi qəbrimin üstə. Sən demə, yenidən başlanıb həyat, Könüllər, duyğular barışmalıymış. Sellər, şəlalələr, çaylar, bulaqlar Axıb bir-birinə qarışmalıymış. Gün vurub, əridib quzeydə qarı, Gül-çiçək açılıb yaz olmalıymış. Dağlar od sinəli aşığa dönüb, Haraylı dərələr saz olmalıymış. Kinə, küdurətə könlünü versən, Bütün həyatını zəhər eyləyər. Yaşamaq həvəsi başqa həvəsdi, Dumanlı gecəni səhər eyləyər. Gətirib qəlbimdə səhər eşqini, Bütün qəzəbləri soyutmalıydım. Yol gəldim özümdən çıxdığım qədər, Qayıtdım, qayıtdım, qayıtmalıydım.

1975, 6 yanvar

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.