Qayıdasıyam
Arzularım gözəlləşib Şəhərə dönsə, Gecələrim işıqlanıb Səhərə dönsə, Hər səfərim ən mənalı Əsərə dönsə, Yer üzünü qarış-qarış Gəzsə də ilham, Bir gün dönüb bu yerlərə Qayıdasıyam.
Dilimizin dadı burda, Şirəsi burda. Sözümüzün balı burda, Kərəsi burda. Bir ömürdü günlərimin Hərəsi burda. Dodağımda şeirə dönüb Hər düşən axşam. Bir gün dönüb bu yerlərə Qayıdasıyam.
Odu sönməz, külə dönməz Yanar ocaqlar. Ömür burda yüzü keçər, Yüz biri haqlar. Gur bulaqlar nur payımı Gözündə saxlar. Zirvədə qar, düzdə çiçək, Qayada suyam. Bir gün dönüb bu yerlərə Qayıdasıyam.
Ata əli toxum səpən, Torpaq payım var. Ana əli alışdıran, Ocaq payım var. Bu dağları səsləməyə Bir harayım var. Neçə yatmış xatirəni Oyadasıyam. Bir gün dönüb bu yerlərə Qayıdasıyam.
1977, 18 iyul