“qatar” istəyirəm
Yaman könlümə düşüb, Ya kaman, ya tar ola. Eşqimi, xəyalımı Yerdən göyə qaldıran Dəli bir “Qatar” ola. Yarıb keçəm layları, Uçam, arxada qoyam Ulduzları, ayları. Qarlı zirvələr belə Baxa qarlı zirvəyə, Müəmmalı dünyaya, Bu “Qatar”lı zirvəyə. Ən uzaq sahillərə, Ən uzun mənzillərə Kamanla, tarla gedəm. Dahilər görüşünə Mən bu “Qatar”la gedəm. Bir aylıq yolum olsa, Bircə gündə qət edəm. Bağdadda Füzulini, Hələbdə Nəsimini Bol-bol ziyarət edəm. Aşiqəm, gəzəmmərəm Sevgili yardan ayrı. Durnayam, süzəmmərəm Mən bu qatardan ayrı. Mən “Qatar” istəyirəm, Onu çala, dindirə Ya Habil, ya da Əhsən. Deyəm, məni yaşadan Alova, oda əhsən. Duyğularım dil aça, Min yerə naxış vuram, Min bir xalı toxuyam. Füzuli hikmətini Bu təsniflə oxuyam. “Razıyam, könlümü bir zülfü sitəmkar apara, Sına, hər parəsini zülfdə bir tar apara”. Mən “Qatar” istəyirəm, Gah göylərə qaldıra, Gah yerlərə endirə. Onun odlu nəfəsi Təkcə insanı deyil, Daşları da dindirə. Onun gözüylə baxam Anamız təbiətə. Ləpələr dalğa ola, Təpələr dağa dönə. Çəməndəki lalələr Qızıl bayrağa dönə. Məhəbbəti əbədi, Eşqi var istəyirəm, Mən “Qatar” istəyirəm.
1975, 23 noyabr