Əsas məzmuna keç

Qoşma

Qaşların

Aşıq Ələsgər

1

Ay nazənin, ay qabağın altından Nə göyçək çəkilib qara qaşların?! Gözlərin süzüldü, canım üzüldü, Vurdu ürəyimə yara qaşların.

Əslin mələk, cismin huri-qılmandı, Camalın şoxundan ciyərim yandı. Ədalət hakimdi, adil divandı, Rəhm eləmir günahkara qaşların.

Gözlərin görənin canını alır, Həsrətini çəkən vaxtsız qocalır, Sərdarı, sultanı taxtından salır, Bərhəm vurur ürüzgara qaşların.

Gözüm qaldı hilal qaşın tağında, Məcnun oldum, qaldım Leyli dağında, Yazıq Ələsgərin qoca çağında, Zülm ilə çəkdirir dara qaşların.

Aşıq Ələsgər
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.