Qardaşım
Bölən bizi yaman böldü, qardaşım, Bu həsrətdən ağrı qaldı sinəmdə. Dərd var, gəzib dərmanını tapmışam, Dərd var, elə dağlı qaldı sinəmdə.
Zaman-zaman tarix mənlə öc oldu, Güvəndiyim qolumdakı güc oldu. Qapı var ki, açılsa da gec oldu, Çox qapılar bağlı qaldı sinəmdə.
Duman olar yollarımdan çəkilməz, Əlləşərəm, qəmin qəddi bükülməz. Həsrətimin qalaları sökülməz, Köklü qaldı, tağlı qaldı sinəmdə.
Yağı məni heç susdura bilmədi, Zərbə vurdu, ləkə vura bilmədi. Əyri gəldi, yuva qura bilmədi, Düz yaşadı, doğru qaldı sinəmdə.