Əsas məzmuna keç

Heca şeiri

Qarabağı azad eylə

Zəlimxan Yaqub

1

Daha nəyi gözləyirsən, Döyüşə gir, Vətən oğlu! Bu vətənin, bu torpağın Qaya kimi mətinləşən, Palıd kimi bitən oğlu! Haqqı-qanın bahasına, Ulu sevgin, təmiz eşqin, Saf vicdanın bahasına Qollarını külüng eylə, Qeyrətini Fərhad eylə! Qarabağsız həyat yoxdur, Qarabağı azad eylə!

Nə zamandır gözləmişik, Gözləməkdən kar aşarmı? Vətən əldən gedən günü Durmaq bizə yaraşarmı? Düşmən başı əzmək üçün, Qapaza dön, şilləyə dön. Düşmən qəlbi deşmək üçün, Mərmiyə dön, gülləyə dön. Ümidini, inamını Dəmir eylə, polad eylə. Qarabağsız həyat yoxdur, Qarabağı azad eylə!

Qan içəni, qan soranı, Zibil kimi süpürməsən, Gözümüzü çıxardanın Gözlərinə tüpürməsən, Nahaq yerə nə hay-küy sal, Nə hıçqır, nə fəryad eylə. Qarabağsız həyat yoxdur, Qarabağı azad eylə!

Yumruğunla yar havanı, Qəzəbinlə tərpət yeri. Arxada tək Xəzər qalıb, Bircə addım atma geri. Rəva görmə, ümidimiz, İstəyimiz boşa çıxa. Rəva görmə, arzuların Sonu gedib daşa çıxa. Alçaqların fikrinə bax, Yağıların məkrinə bax, Dağıt böhtan yuvasını, Şər evini bərbad eylə. Qarabağsız həyat yoxdur, Qarabağı azad eylə!

Gər sinəni, səndən ötrü Kəpəz, Qoşqar səngər olsun. Yerişində, duruşunda Tanrı boyda ləngər olsun. Şəhid olmaq zamanıdı, Ölüm üstə səfər gərək. Udduğumuz hava kimi, Bizə ancaq zəfər gərək. Oğlu ölmüş anaların, Əri ölmüş sonaların, Ölümlərin, itimlərin, Əsirlərin, yetimlərin Daxmasında işıq yandır, Ocağını abad eylə. Qarabağsız həyat yoxdur, Döyüşə gir, Vətən oğlu, Qarabağı azad eylə!

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.