Qarabağ şikəstəsi
Bahar fəsli, yaz ayı, Ömrün oğlan çağıdır. Bu nəğmənin vətəni Şahinlər oylağıdır. Qəhqəhəsi tükənməz, Qaynar səs bulağıdır. Zirvələrə səsləyir, Duya bilən hər kəsi, – Qarabağ şikəstəsi.
Qələbəm, zəfərimdi, Qəhrəmanlıq rəngidir. Arxalanıb dağlara, Çayların ahəngidir. Mahnıların başında, Bir şöhrət çələngidir. Xalqımızın gur səsi, Qarabağ şikəstəsi.
Bu avazda yurdumun Söhbəti var, dəmi var. Bircə şirin xalında Min sevinci, qəmi var. Döyüşə cəsarəti, Yaraya məlhəmi var. Yatmaz, ayağa qalxar, Ayın, ilin xəstəsi. Oxunanda yanında Qarabağ şikəstəsi.
Titrəyən bir ürəkdir, Teli yara bağlıdır. Zirvələrdi məskəni, Meyli qara bağlıdır. Bir diyarın eşqidir, Min diyara bağlıdır. Göydə qanad saxlayar, Durnaların dəstəsi, Çatanda qulağına Qarabağ şikəstəsi.