Əsas məzmuna keç

Heca şeiri

Qarabağ ən çətin sualdı, qardaş

Zəlimxan Yaqub

1

Görən Qarabağın qayıtmağını, Mən öz gözlərimlə görəcəyəmmi? Şuşa qalasına bir qalib kimi, Hayqıra-hayqıra girəcəyəmmi?

Görəsən nur alıb Cıdır düzündən, Xarı bülbül kimi bitəcəyəmmi? Vaqifin müqəddəs məqbərəsində, Vaqifin dilində ötəcəyəmmi?

İsa bulağının başında yenə, Görəsən muğamat oxunacaqmı? Sevən oğullara, sevən qızlara, Məhəbbət çələngi toxunacaqmı?

Görəsən önünə əzizlərimin, Şad bir xəbər kimi çıxacağammı? Sevincim qəlbimə sığışmayanda, Daşaltı çayıtək axacağammı?

Görəsən güc alıb “Ərimgəldi”dən, Torpağı qurtaran ər gələcəkmi? Xəstə ürəklərə Şuşa havası, Solmuş yanaqlara zər gələcəkmi?

Görəsən muştuluq gətirənlərə, Ömrümü pay kimi böləcəyəmmi? Yoxsa bu ağrıyla dünyadan köçüb, Elə bu dərdlə də öləcəyəmmi?

Əgər iş qaldısa “görəsən”lərə, Demək, Yer üzünü su aldı, qardaş. Min sualı varsa əsrin, zamanın, Qarabağ ən çətin sualdı, qardaş.

2006, 10 yanvar

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.