Əsas məzmuna keç

Heca şeiri

Qara xəbər

Zəlimxan Yaqub

2
Başkeçiddə maşın qəzasında həlak olanların xatirəsinə

Başkeçiddən Bakıya qara bir xəbər gəldi, Qan üstünə qan düşdü, şər üstündən şər gəldi. Hələ qaysaq tutmamış şəhidlərin yarası, Yenidən parçalandı ürəyimin parası. Min doqquz yüz doxsanın, Qara gəldi əvvəli, qara gəldi axırı, Təbiətin, insanın yaman çıxıb paxırı... Niyə çıxa bilmirik biz bu yasdan, ay Allah! Qara geyib analar, Çıxart sən anaları bu libasdan, ay Allah! Dözmək olmur insanın ahına, fəryadına, Anasız qalanların özün yetiş dadına. Bilirsən ki, tökülən bir də dolmaz, ay Allah! Bir başa iki qapaz, belə olmaz, ay Allah! Sızıltıdan, ağrıdan qurtarmamış ürəklər, Yenə soldu çəmənlər, yenə soldu çiçəklər.

Başkeçid başdan ağlar, Kirpikdən, qaşdan ağlar. Gecə yuxu yatammaz, Durar obaşdan ağlar.

Yurdunun, yuvasının başında tufan görən, Yaralı qardaşının yarasında qan görən. Evinin, uşağının qardaş payı kəsilən, Döyünüb ağlamaqdan hay-harayı kəsilən, Üz qanadan, saç yolan, nalə çəkən bacılar, Mənim ağrılarımdı, Çəkdiyimiz ağrılar, çəkdiyimiz acılar! Bu qəmli vaxtınızda, Qayğılı, düşüncəli, Sitəmli vaxtınızda, Qardaş məzarındakı torpaq bilin, daş bilin, Məni də özünüzə doğmaca qardaş bilin! Bəxti, payı, qisməti ağzı üstə calanan, Taleyin zərbəsindən ürəyi parçalanan, Dan yeri sökülməmiş ağrılara tuş gələn, Evindən bihuş gedib, evinə bihuş gələn, Hər dəfə sızlayanda əriyən şama dönən, Çırağı vaxtsız sönən, Daşıdığı qayğılar dağdan ağır görünən, Həmi qəmli, həmi sərt, həmi fağır görünən, Analar, ay analar! Özüm gəlim səcdəyə, özüm durum qulluğa, Oğlunuz olmasam da, götürün oğulluğa! Mən sizə oğul olum! Sevginizə qul olum! Keçim köynəyinizdən doğmaca bala kimi, Dərdinizə sədd olum, dayanım qala kimi! Ürəyində döyüntü, damarında qan olum, Dərdə düçar olanın dərdinə dərman olum. Ocağında köz olum oda düşən kəslərin, Evində oda dönüm soyuyan nəfəslərin! Bəlkə bir az azala əzabımız, ağrımız, Bəlkə bir az sərniyə közə dönən bağrımız. Bəlkə bir az azala fəryadımız, ahımız, Bəlkə bir az nurlana açılan sabahımız! Eli dar gün görməsin, el sizi darda qoymaz, Borana düşənləri boranda, qarda qoymaz.

Əzizinəm arxa var, Beli götür, arxa var. Qəm yemə dəli könlüm, Ellər kimi arxa var.

Boşuna yaratmayıb ellər bu bayatını, Qorumağa can atıb insanın həyatını. Rüzgar yaman soyuqdu, hava yaman şaxtadı, Qəlbiniz sızıltıda, ruhunuz sazaqdadı. Qəfil zərbə dəyəndə ürəklər çat-çat olur, Dərdin ağırlığından insan yeddi qat olur! Qarlı bir dağ olsa da, qaya-qaya sökülür, Məğrur saray olsa da, kərpic-kərpic tökülür. Uçur, sınır, dağılır, qopur qamqalaq kimi, Yaşayır yad ağaca vurulmuş calaq kimi! Saraylar sökülsə də, Kərpiclər tökülsə də, Şax duran kişilərin, Qaməti bükülsə də, Eşqi böyük olanlar özündə inam tapır, Gur çıraqlar sönəndə yandırmağa şam tapır. O şamın işığında, Əqidənin, məsləkin, inamın işığında, İnsan kimi yaşadır kədərini, yasını, Həm sevinc dünyasını, həm kədər dünyasını! Vaxtsız ölən oğullar, qəbrinizə qurbanam! Səbri böyük analar, səbrinizə qurbanam! Qəfil qəza gəlsə də Başkeçidin başına, Qanımız çilənsə də qayasına, daşına, Qoca Şindi ağrıdan ikiqat bükülsə də, Su yerinə çaylara göz yaşı tökülsə də, Göybulaq halımıza dil açıb ağlasa da, Leyləkuçan başına qaralar bağlasa da, Başımızın üstündən acı yellər əssə də, Tufan bizi dağıdıb, qırmağa tələssə də, Hələ Günəş doğmamış ölənlərin eşqinə, Ölənlərin yerinə gələnlərin eşqinə, Daşların sinəsində axan qanın eşqinə, Taledən zülüm görən hər insanın eşqinə, Qızılkilsə kəndinin işığı yanmalıdı! Oğullar torpaq üstə möhkəm dayanmalıdı! Duymasaq bu hikməti bizdən qeyrət küsər, ar küsər, İyirmi ruh inciyər, iyirmi məzar küsər! Nə olsun ki, qaçanlar min cür bəhanə tapdı, Eldən ayrı düşənlər nə qazandı, nə tapdı?! Ellərin dar günündə düşsək küyə, axına, Babaların ruhu da bizi qoymaz yaxına! Hər kim öz məzarının keşiyində durmasa, Haqsız danışan kəsi haqq ilə susdurmasa, Doğma ata yurdunu tərkedilməz sanmasa, Sabahına inanıb, kökə arxalanmasa, Ona qənim kəsilər, Atasının çörəyi, anasının südü də, Nənənin nəsihəti, babanın öyüdü də! Ellər eşitsin məni, söz aydın, fikir qəti, Mən buranı seçmişəm könlümün ziyarəti! O yerdə ki bir anda iyirmi çıraq sönüb, İyirmi ev dağılıb, iyirmi ocaq sönüb, O yerdə ki yas tutub, dərə susub, dağ susub, İyirmi dil bağlanıb, iyirmi dodaq susub, Ey dünyadan köçənlər!!! Bu xəbəri biləndən, Ruhlarınız önündə hər gün səcdə qılmışam, Sanıram hər qəbirdə özüm basdırılmışam! Göz yaşı da mənimdi! Başdaşı da mənimdi! Mənim öz taleyim də sizin aranızdadı! Mənim öz məzarım da sizin sıranızdadı! Ey məni yurda çəkib kökümə qaytaranlar, Gorunuz nurla dolsun! Yer üstündən ayrılıb yer altına varanlar, Gorunuz nurla dolsun! Səhər tezdən əcəlin şərbətini içənlər, Gorunuz nurla dolsun! Başkeçiddə özünə əbədi yer seçənlər, GORUNUZ NURLA DOLSUN!

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.