Əsas məzmuna keç

Heca şeiri

Qara sazın yaddaşı

Zəlimxan Yaqub

1

Qəbrə köçmür, qəlbə köçür, qana köçür Telli sazın yaddaşına köçən adam. Nağıl olur, nağıla, dastana köçür Telli sazın yaddaşına köçən adam.

“Divani”ylə haqsızlara divan eylər, “Mansırı”yla göz yaşını rəvan eylər. “Ruhani”ylə qocaları cavan eylər, Qara sazın yaddaşına köçən adam.

Cəsarətdi, qılıncını qoymaz qına, Həqiqətdi, vüqarımız qoymaz sına, Qara sazın yaddaşına köçən adam.

Zaman-zaman könüllərlə söhbətdədi, Yerdə yerlə, göydə göylə vəhdətdədi. Elə bilsin bir əbədi cənnətdədi, Telli sazın yaddaşına köçən adam.

Gözdən keçib ruhda, qanda yaşayacaq, Sazda, sözdə, başda, canda yaşayacaq, Neçə-neçə Zəlimxanda yaşayacaq Qara sazın yaddaşına köçən adam.

2003, 18 mart

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.