Əsas məzmuna keç

Heca şeiri

Qara bayraq

Zəlimxan Yaqub

2

Qara bayraq sancılıb gözümüzün yaşına, Qara bayraq sancılıb bağrımızın başına, Qara bayraq sancılıb qəbrimizin daşına, Qara xətlə yazılmış varaqdı QARA BAYRAQ!

Qəlbimizdə sızıltı, dilimizdə ağrıdı, Başımızın bəlası, sinəmizin dağıdı. Bəxtimizin qarası, saçımızın ağıdı, Ruhumuzu göynədən sazaqdı QARA BAYRAQ!

Yaşamaq üçün öldü, ölmək üçün doğuldu, Dərd içində qaynadı, qan içində boğuldu. Otuz yaşlı igiddi, on beş yaşlı oğuldu, Yeddi yaşa çatmamış uşaqdı QARA BAYRAQ!

Yağış olub yağdılar, külək olub əsdilər, Vurmağa, dağıtmağa, qırmağa tələsdilər. Yamyaşıl ağacları doğradılar, kəsdilər, Bar vaxtı baltalanmış budaqdı QARA BAYRAQ!

Yeri, göyü qaraldan buludun da rəngidi, Dilləri dinməz edən sükutun da rəngidi, Çiyinləri ağrıdan tabutun da rəngidi, Gözü kömürə dönmüş ocaqdı QARA BAYRAQ!

Ananın ayrılığı, balanın həsrətidi, Bu yükü çəkənlərin zülmüdü, zillətidi. Axşamın qaranlığı, gecənin zülmətidi, İşığı söndürülmüş çıraqdı QARA BAYRAQ!

Ölümüz var şəhiddi, dirimiz var, can verir, Ahımız var yandırır, yaramız var, qan verir. Xalqım səbrə, dözümə, dərdə imtahan verir, Millətin dar günündə sınaqdı QARA BAYRAQ!

Mən meydan istəmişəm, meydanımı dar verib, Mən Günəş istəmişəm, mənə boran, qar verib, Mənə qara günləri “qızıl” bayraqlar verib, Zamanı utandıran bayraqdı QARA BAYRAQ!

Bir vətəndi var-yoxu zaman-zaman talanmış, Bir ölkədi qisməti ağzı üstə calanmış. Min yerdən tikə-tikə bölünmüş, parçalanmış, Qapqara şuma dönmüş torpaqdı QARA BAYRAQ!

Düşməni sevindirər kədərimiz, yasımız, Qılınc qında durmasın, qoy tökülsün pasımız. Aman ellər! Sabaha qalmasın qisasımız, Bizi haqqa çağıran yaraqdı QARA BAYRAQ!

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.