Qar yağa-yağa
Səni düşünürdüm, el ağsaqqalı, Baxırdım budağa, qar yağa-yağa. Həzin nəğmələrin axdı könlümə, Söz qondu dodağa, qar yağa-yağa.
Ömür sınağı var, yaş sınağı var, Torpaq imtahanı, daş sınağı var. Gördüm ki, qarşıda qış sınağı var, Girmədim otağa, qar yağa-yağa.
Fikrimi şaxtaya, sazağa verdim, Meylimi yaxına, uzağa verdim. Qəlbimin odunu torpağa verdim, Baxdım hər oylağa, qar yağa-yağa.
Məhəbbət yenə də dadıma gəldi, Lələ də, Kərəm də yadıma gəldi. Üşüyən istimə, oduma gəldi, Döndüm bir ocağa, qar yağa-yağa.
İlham ən müqəddəs nemətdi, paydı, O mənim səsimi aləmə yaydı. Sinəmi yandıran söz olmasaydı, Dönməzdim bulağa, qar yağa-yağa.
Dilimdən söz yağdı, sözümdən ətir, Dedi hər şeirinə təravət gətir. Könlümdən keçəni sətirbəsətir, Köçürdüm varağa, qar yağa-yağa.