Qanan ola
Can qurban eyləsən, layıqdır, layıq, Bir yar ki, mətləbi tez qanan ola. İşarətlə, qaş-göz ilə anlaya, Nəinki deməklə söz qanan ola.
Canım qurban olsun o əhli-dilə, Qaşların oynada, gözündən gülə. Dilin tərpənməmiş dərdini bilə, Qurbanam gözünə, göz qanan ola.
Belə yar yetirə bəxtin kövkəbi; Dəsti qana ürəkdəki mətləbi. Nə lazım dil deyib, tərpətmək ləbi, Nə keçsə, könlündən düz qanan ola.
Ələsgər söyləyər söz müxtəsərin; Ağlı kamil ola, kamalı dərin. Eşidənlər deyə: "əhsən", "afərin", Əgər məclisində yüz qanan ola.