Qan damlatsan, can bitər
Gözəl dedin, arkadaşım, qardaşım, Bu torpağa qan damlatsan, can bitər! Könüldaşım, məsləkdaşım, qandaşım, Yer şumlanar, toxum düşər, dən bitər, Bu torpağa qan damlatsan, can bitər!
Ala bilməz nə müxənnət, nə yağı, Qeyrətimdi millətimin dayağı. Palıd durar sal qayalar sayağı, Çinar qalxıb zirvələrlə tən bitər, Bu torpağa qan damlatsan, can bitər!
Bu torpaqdı, hey yoğrular, yapılar, Hər qarışı məbəd kimi öpülər. Haqqın sözü cərgələnər, səpilər, İnsaf bitər, iman bitər, din bitər, Bu torpağa qan damlatsan, can bitər!
Düşmən sayar hər yamanı, hər bədi, Tutduğu yol haqsızlığa zərbədi. Hər məzarı bir müqəddəs türbədi, Bu torpağa qan damlatsan, can bitər!
Dağlarından dözüm alıb sehrimiz, Sinəsində ruhum naxış, qəbrim iz. Qucağında çiçək açar qəbrimiz, Bu torpağa qan damlatsan, can bitər!
Aya, günə tən yeriyəm dünyanın, İşığıyam, dan yeriyəm dünyanın, Bir tükənməz dan yeriyəm dünyanın, Kim becərsə, şöhrət bitər, şan bitər, Bu torpağa qan damlatsan, can bitər!
Ondan ayrı saçlarıma dən düşər, Bulud enər, gözlərimə çən düşər, Hansı alma budağından gen düşər, Hansı budaq gövdəsindən yan bitər, Bu torpağa qan damlatsan, can bitər!
Amanımı payız kəsər, qış qırar, Ruhum yenə “Vətən” deyib qışqırar. Hər zərrədən şəhid qanı fışqırar, Bu torpağa qan damlatsan, can bitər!
Hədər yerə vaxtı, anı itirməz, Canda ruhu, ruhda canı itirməz, Öldürsə də Zəlimxanı itirməz, Sabah yenə xan göyərər, xan bitər, Bu torpağa qan damlatsan, can bitər!
İstanbul, 1994, yanvar