Qalmışam
Cahilliyin coşu çıxdı başımdan, Mən ol coşdan xali olub qalmışam. Bir qəmə tuş oldum, getdim huşumdan, Bu dərd ilə dolu olub qalmışam.
Başım yüz həvəsdə, könlüm coşğunda, Girdaba düşmüşəm dəli daşqında, Nəcd dağında gəzən Məcnun eşqində, Yanar odlu Leyli olub qalmışam.
İgidlik fəslinı qışa yetirdim, Kamillik gəmisin suda batırdım, Böyük fikrə qaldım, ağlım itirdim, El içində dəli olub qalmışam.
Bu dünyanı köçüb varan köç bildim, İşini bəd sandım, özüm puç bildim, Önün oyun gördüm, sonun heç bildim, Diri ikən, ölü olub qalmışam.
Məxdumqulu, faş eyləgil sözünü, Fələk müşti-xak etməyən gözünü, Bu vaxtacan gənc bilərdin özünü, İndi gör, bax, ulu olub qalmışam.