Qalmaz
Bu gün qara geymişəm, qara günümdür mənim, Dünyanı silkələyən ahım, ünümdür mənim, Şəhidlər xiyabanı qibləm, yönümdür mənim, Öz dərdimi çəkməsəm, özgələr dərdə qalmaz!
Tale məni köklədi bir qəmli zaman üstə, Yatan yatır məzarda, qalan qalıb can üstə. Ağladaram dünyanı saz üstə, kaman üstə, Bu gün əlim dəyməmiş sim qalmaz, pərdə qalmaz!
Çox uzaq gedə bilməz bu qurğular, hoqqalar, Dönər Misri qılınca, yüz yalanı şaqqalar. Lap dünya dağılsa da, öz yerini haqq alar, Heç vaxt xeyrin qisası böhtanda, şərdə qalmaz!
Xəyanət küləkləri harın-harın əssə də, Ölüm, həsrət, ayrılıq qapıları kəssə də, Dərdli könül inciyib ruzigardan küssə də, Mərdlər arxayın olsun, dünya namərdə qalmaz!
Vicdanın işığında həyat duru görünər, Hər addımda dünyanın bir uğuru görünər. Şəhidin torpağında haqqın nuru görünər, Cəlladın sifətində ismətdən pərdə qalmaz!
Sınar dağların beli, bu qədər ah götürməz, Adı insan olan kəs belə günah götürməz. Yerdə bəndə götürsə, göydə Allah götürməz, Qəm yemə, dəli könlüm, nahaq qan yerdə qalmaz!