Əsas məzmuna keç

Qoşma

Qalmadı

Aşıq Ələsgər

1

Qərinələr keçdi, dövran dəyişdi, Pozuldu qurğular, nizam qalmadı. Zamana bəd gəldi, insan bic oldu, Seyddə, mollada inam qalmadı.

Yığılın danışaq, qəlyan çəkənlər, Bostan becərənlər, əkin əkənlər. Ananov kağıza tütün bükənlər, Qurtardı tənbəki, saman qalmadı.

Necoldu Serbiya, Çernoqoriya?! Əl-ayaq altında itdi İtalya, German bomba atdı, qan oldu dərya, Qırıldı, dünyada insan qalmadı.

Bağlanıb zavodlar, kəsilib qəndlər, Qaynamır samovar, artıbdı dərdlər, Niyə ağlamasın yazıq arvadlar; Söküldü döşəklər, yorğan qalmadı.

Aşıq Ələsgər
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.