Qalıbdı
Dağların Lələ çobanı
Qamoy Alıya həsr edirəm
Dağdan ayrılmağın dərd olub cana, Yaylağın həsrəti mənə qalıbdı. Yamaclar sürüyə, yallar çobana, Zirvələr dumana, çənə qalıbdı.
Bağlıyam torpağa, vurğunam göyə, Heyranam quzunu qaytaran neyə. Neçə görmədiyim alaçıq, dəyə, Neçə gəzmədiyim binə qalıbdı.
Sən gəzdiyin yerdə ürəyim durur, Hər bulaq başında bir məclis qurur. Hələ mələməmiş quzular durur, Hələ boşalmamış sinə qalıbdı.
Əhdimiz, sözümüz yaddan çıxmasın, İntizar can üzüb, könül sıxmasın. Tapşır o yerlərə qoy darıxmasın, Görüşüm sən deyən günə qalıbdı.
Sənsən Zəlimxanın fikri, xəyalı, Hər gün qədəminə döşənsin xalı. Dağları tək qoyma, ay Qamoy Alı, Dağların ümidi sənə qalıbdı.