Qalıb
Göylərə baxıram, Nə tərtəmiz bir ulduzu, Nə ləkəsiz Ayı qalıb. Yerlərə baxıram, Nə duru bircə çeşməsi, Nə bir təmiz çayı qalıb. Təbiətə baxıram, Cüyür küsüb, ceyran ölüb, Meşələrdə ayı qalıb. Yaradana baxıram, Boynumuzda, gör, nə qədər, Halal haqqı-sayı qalıb. İnsanlara baxıram, Ziyarətə gedənlərdən Şikayətə gedəni çox. Yaxşıları köçüb gedib, Ortalıqda zayı qalıb. Dünyaya baxıram, Deyəsən, bu dünyanın da Ələnib, hay-hayı gedib, Axıra vay-vayı qalıb.
2000, 16 dekabr