Qaldı
Gəlmişdim, getməyə çatmadı gücüm, Könlüm bu dağlarla baş-başa qaldı. Ayın şöləsində, günün nurunda, Gözlərim qamaşa-qamaşa qaldı.
Sellərnən, sularnan axdım, ağladım, Döndüm şimşəklərə, çaxdım, ağladım. Boylandım ağladım, baxdım, ağladım, Yaş gözə qarışdı, göz yaşa qaldı.
Dağın dağlığından götürdüm bir az, Qarın ağlığından götürdüm bir az, Daşın sağlığından götürdüm bir az, Yenə də dağ dağa, daş daşa qaldı.
Keçdi yuxu kimi, keçdi duş kimi, Zaman əllərimdən uçdu quş kimi. Baxdım yerə-göyə vurulmuş kimi, Mənə bir quruca tamaşa qaldı.