Əsas məzmuna keç

Qoşma

Qalacaq

Zəlimxan Yaqub

1

Yox, mənimlə getməyəcək bu dünya, Mən getsəm də nələr, nələr qalacaq. Ağlayan da tapılacaq, gülən də, Yenə sevinc, yenə kədər qalacaq.

Bəzəyəcək xonçasını-xonunu, Dünya hər il dəyişəcək donunu. Görməsəm də mən dünyanın sonunu, Öz yerində axşam-səhər qalacaq.

Kim yedisə çörəyi tək, duzu tək, Əriyəcək o dağların buzutək. Çox adamlar mələyəcək quzutək, Çox adamın yurdu mələr qalacaq.

Ulu günəş işıq çilər dünyaya, Öz nurunu hər gün ələr dünyaya. Biri gedər, mini gələr dünyaya, Yerdə həyat, göydə ləngər qalacaq.

Dərd daşıdım, qəm yüklədim şələmə, Şeirə döndü, səsim düşdü aləmə. Ay Zəlimxan, yaxşı sarıl qələmə, Qalsa, yenə bu nəğmələr qalacaq.

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.