Qaibdən dəlil göründün
Qaibdən dəlil göründün, Dədəm, xoş gəldin, xoş gəldin. Bizi sevib sevindirdin, Dədəm, xoş gəldin, xoş gəldin.
İki can idik, birləşdik, Məhəbbət qapısın açdıq, Şükür didara irişdik, Dədəm, xoş gəldin, xoş gəldin.
Üstümüzə yol uğratdın, Gövhər aldın, gövhər satdın, Ərliyni isbat etdin, Dədəm, xoş gəldin, xoş gəldin.
Bir ağacda güllər bitər, Dalında bülbüllər ötər, Şahıma bərgüzar gedər, Dədəm, xoş gəldin, xoş gəldin.
Böylə, Şah Xətayim, böylə, Pirim dəstur versin, söylə. Şaha məndən niyaz eylə, Dədəm, xoş gəldin, xoş gəldin.
Lüğət: Didar – görüş, üz