Qağa yuxuma girdi
Unudulmaz şairimiz
Hüseyn Arifin xatirəsinə
Qarlı qış gecəsiydi, Qağa yuxuma girdi, Ömrün xoş gecəsiydi, Qağa yuxuma girdi.
Yandı, yandı, alışdı, Bu od mənə tanışdı. Dağ kəlindən danışdı, Qağa yuxuma girdi.
Gözün yaşında Arif, Sözün başında Arif, Tutqun qaşında Arif, Qağa yuxuma girdi.
Eşqini elə yaydım, Həmişə canlı saydım. Kaş ki, ayılmayaydım, Qağa yuxuma girdi.
Gördü, sevindi, duydu, Haqqın sovqatı buydu. Bu nə şirin yuxuydu, Qağa yuxuma girdi.
Bağçalar iş yerimiz, Bağlar gərdiş yerimiz. Cənnət görüş yerimiz, Qağa yuxuma girdi.
Mətləbi gödək dedi, Gəl, çıxaq gedək, – dedi. Darıxıram tək, – dedi, Qağa yuxuma girdi.
Şairlərin zərifi, Çox sevirdi tərifi. Gördüm Hüseyn Arifi, Qağa yuxuma girdi.