Qaçqın çadırında bir qız ağladı
Qaçqın çadırında bir qız ağladı, Dünyanın ağrısı, acısıydı o. Qaçqın anaların qəmli balası, Qaçqın qardaşların bacısıydı o.
Ağrılar ah olub, dildən, ağızdan, Yanğılar yaş olub gözdən çıxırdı. Elə hönkürdü ki, bizi görəndə, Sanki acığını bizdən çıxırdı.
Kirpiyində qrov, saçlarında qar, Qışın ortasında qarlı qışdı o. Çadırlar içində bu səkkiz ildə, Bəlkə də səksən il qocalmışdı o.
Dövr edib at çapır belədən-belə, Sazaq iliyində, şaxta qanında. Qalıb qara günün möhürü kimi, Palçıq topuğunda, kir dabanında.
Solğun baxışları soğulmuş bulaq, Əlləri bənzəmir qız əllərinə. Gör torpaq həsrəti nə divan tutub, Qədim Qarabağın gözəllərinə.
Damlanın dəryaya təsiri varmı, Yardım gətirmişik, nədir bu yardım. İmkanım olsaydı, biganələri, Dişimlə dağıdıb parçalayardım. Qardaşım, bərk yapış daşdan, qayadan, Ayağın altında titrəməsin yer. Yardım əvəzinə, oğulsan ona İsa bulağından bir ovuc su ver.
Gözünə nur gələr, dizinə taqət, Ölmüş duyğuları dirilər onda. Dönüb dağ döşündə tər çiçəklərə, Sevilər, qoxlanar, dərilər onda.
Sən qovrul, mən yanım, verək baş-başa, Qarışaq bu dərdin acılarına. Tüstüyə çevrilək, dumana dönək, Qalxaq çadırların bacalarına.
Qaçqın çadırında bir qız ağladı, Dünyanın ağrısı, acısıydı o. Qaçqın anaların qəmli balası, Qaçqın qardaşların bacısıydı o.