Qabaq
Adəm oğlu, yatma qafil, Oyan dan atmazdan qabaq. İgidlikdə taqət qılgil, Qocalıq yetməzdən qabaq.
Qocalıq taqət qıldırmaz, İşin əbəsdir, bildirməz, Fələk ağladar, güldürməz, Bu dövran ötməzdən qabaq.
Bəndəyə eyləmə qəsdi, Ağlatma sən yarı-dostu, Bir gün gəlib, əcəl dəsti Yaxandan tutmazdan qabaq.
Qardaşların ağlar qalar, Bir yaxasız dona salar, Bir gün əmanətin alar Sən tövbə etməzdən qabaq.
Bu dünyaya gələn keçər, Hamı ol şərbətdən içər, Bir əjdəha ağzın açar, Vəhm eylə udmazdan qabaq.
Məşqulsan dünya oynuna, Girərsən yerin qoynuna, Əcəl bəndənin boynuna Atılıb minməzdən qabaq.
Əcəl hamını yaxalar, Qalmazlar şahü gədalar, Haramdan qaç, kətxudalar, Rusiyah olmazdan qabaq.
Saxla qeybətdən dilini, Odla bağlarlar əlini,
Açılan tazə gülünü Allah soldurmazdan qabaq.
Dur səhər, tanrıya ağla, «Haq» deyib ürəyin dağla, Tövbə qapısını bağla Qırxına gəlməzdən qabaq.
Bəndəyə etmə xəyanət, Qıl tanrıya sən itaət, Bu haqda var hədis, ayət, Fəhm elə ölməzdən qabaq.
Məxdumqulu, doğru söylə, Ömrün gəlib, keçər böylə, Durmadan yaxşılıq elə Baş gora girməzdən qabaq.