Əsas məzmuna keç

Müxəmməs

Pişik

Aşıq Ələsgər

1

Dad! Siçanın əlindən Yetişmişik cana, pişik! Dünyanı bizdən ötəri Döndərib zindana, pişik! Dağıdıb kəndiləri*, Dadanıb yaxtana, pişik! Doğrayıb zər libası, Eyləyib afsana, pişik! Alagöz gəlinləri Qoyub yana-yana, pişik!

Birisi boz dikqulaq, Birisi qonur, balaca; Dərməqayıq farmaşın Hər yanından açıb baca; Bezinən rəftarı gözəl, Qumaş ilə düşüb ləcə; Harda görsə zər, ziba,

İstifa, tirmə, alaca; Biləsən, nə hal kəsir Döşəyə, yorğana, pişik!

Nə qədər əlləşirəm, Bu məluna yoxdu çara; Gündüzlər pünhan olur, Gecələr çıxır aşkara; Çırağı yandıranda, Qaçır, soxulur divara; Dağıdıb kəndiləri İndi daraşıb anbara; Müxtəsər, ruzumuzu Döndəribdi qana, pişik!

O gödək zalimü fasiq Belə bir azar elədi; Aləmə gen dünyanı Bizdən ötrü dar elədi; Hamı dərddən ziyada Bu dərd mənə kar elədi: Dəldi yağ dərilərin, Xumları murdar elədi. Axşamadək evlərdə Qurulur zastana*, pişik!

Bu sözləri eşidəndə Pişik bir tufan elədi;

Şeşəltdi bığlarını, Gözləri rövşan elədi; Ay qaranlıq gecədə Yüz dəfə cövlan elədi; Qisasa qisas aldı, Bir qana yüz qan elədi; Gördüm, on səkkizini Düzübdü yan-yana pişik.

Yatmadım sübhə kimi Mən baxdım qilü-qalına; Öyrənib xasiyyətini, Bələd olmuşam halına; Ədəb ilə əyləşibsən, Səd afərin kamalına! Aləmin padişahı Dəstini çəkib dalına; Qaynağın poladdandı, Dönübsən aslana, pişik!

Mən səni iyid bildim, Verdim aran-dağı sənə; Çadırı, alaçığı, Eyvanı, otağı sənə, Müxtəsəri, vəssalam, Budu sözün sağı sənə; Gözəllər əsirgəməsin Pendiri, qaymağı sənə; Yeyəsən nəmilərdə, Dönəsən sultana, pişik!

Xanım xələt bağışladı, Ələsgər yazdı dəftərə; Göndərərəm tüllablara, Məlum olsun hər şəhərə; İyiddi, ölməyincə Arxasını qoymaz yerə; Pristav qubernata, Qubernat yazsın sərdərə; İnşallah, nişan verər Sənə divanxana, pişik!

Aşıq Ələsgər
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.