Əsas məzmuna keç

Heca şeiri

Pis qonşuya

Zəlimxan Yaqub

2

Biz ki bir ürəkdə bir can kimiydik, Lap elə dərd ilə dərman kimiydik. Düşəndə tarixin sınaqlarına, Yara sən olanda məlhəm mən idim. Dərdi bir divana yetirmək üçün, Varaq sən olanda qələm mən idim. İllərlə bir eşqin dalınca düşdük, Əsli sən olanda Kərəm mən idim. Bir gün kəsilməzdi gediş-gəlişlər, Cığır sən olardın, yol mən olardım. Dərdli könülləri ovundurmağa, Mizrab sən olardın, tel mən olardım. Daha dostluğumuz, məhəbbətimiz, Qırılan kamandı, sındırılan saz, Yer göyə qovuşsa biz qovuşmarıq, Yox daha səninlə mənimki tutmaz! Mən sənə yer verdim, torpağın olsun, Mən sənə neft verdim, çırağın olsun. Odlar diyarından od bağışladım, Qışda qızınmağa ocağın olsun. Ürəkdən, yaddaşdan silinən deyil, Mənim yaxşılığım, sənin pisliyin. Nə yerə yerləşər, nə göyə sığar, Adını nə qoyaq bu xəbisliyin. Bax, öz keçmişinə, öz dünəninə, Mənim kimliyimi bilərsən onda. Qəlbindən ləkəni, dilindən şəri, Gözündən dumanı silərsən onda. Yatmış vicdanını çağır köməyə, Tarix kitabını get təzədən yaz, Nə yazdın, yazmadın özün bilərsən, Yox daha səninlə mənimki tutmaz! Dilimi pis sözə öyrətməmişəm, Səni lənətləmək mənə ar gəlir. Məndə yaxşılığın sərhədi yoxdur, Səndən qan qoxulu sədalar gəlir. Namusum, şərəfim hər şeydən baha, Mən onu qoymaram ucuzlaşmağa. Mənim öz həddimi gözləməyim var, Sənsə öyrənmisən həddi aşmağa! Ağıl kəsə-kəsə, göz görə-görə, Mənim varlığıma yiyə çıxırsan. Kimdir güvəndiyin, arxalandığın, Bu qədər özündən niyə çıxırsan?! Dilin tikanlıdı, dişin zəhərli, Nəfəsin toxunsa qışa dönər yaz. Mən od qaymağıyam, sən buz parçası, Yox, daha səninlə mənimki tutmaz!

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.