Pıçılda, yarpaq, pıçılda
Səhər düşən şehdən danış, Axşam əsən mehdən danış. Bu qövsü-qüzeydən danış, Pıçılda, yarpaq, pıçılda.
Üzündə Günəşin nuru, Rəngin yaşıl, kefin duru. Bu yaşıl dünyanı qoru, Pıçılda, yarpaq, pıçılda.
Budaq üstən qopanacan, Qopub yerə hopanacan. Qəbir yeri tapanacan, Pıçılda, yarpaq, pıçılda.
Ötən günlər gəlməz ələ, Düşüb dönərsən xəzələ. Payıza çox qalıb hələ, Pıçılda, yarpaq, pıçılda.
Baharın gül açan vaxtı, Bu da bir kefdi, damaqdı. Səninki pıçıldamaqdı, Pıçılda, yarpaq, pıçılda.